1103: QARABAĞ

QARABAĞ

Bu varlığı sənə bəxş edib Tanrı,

Səndə var bir gözəl qayda, Qarabağ.

Hər evdə, eyvanda şirin muğamat,

Oxuyur bülbülü-şeyda, Qarabağ.

Hatəm süfrələrin nansız keçinməz,

Bayramlar, şənliklər onsuz keçilməz.

Cabbarsız, Seyidsiz, Xansız keçinməz,

Düyündə Qarabağ, toyda Qarabağ.

Adın həm ülvidir, həm də bəşəri,

Oxumuşam neçə salnamələri.

Məşhuri-cahansan əzəldən bəri,

Sandasan, saydasan, sayda, Qarabağ.

Tərtərin suyundan içdiyi üçün,

Xaçından, Qarqardan keçdiyi üçün.

Təbiət donların biçdiyi üçün,

Gözəllərin bircə boyda, Qarabağ.

Sərraf Qasım, burda solmaz gül ara,

Çox haqlı deyiblər: cənnətdir bura.

Dörd fəslin dördü də bənzər bahara,

Bir də çiçəklənər yayda, Qarabağ.