1102: AĞARDI SAÇIM

AĞARDI SAÇIM

Dünya möhnətindən, dünya qəmindən,

Anacan, yağdı qar, ağardı saçım.

Çox incidim ömür-gün həmdəmimdən,

Vəfasız oldu yar, ağardı saçım.

Yatan bəxtim, var səninlə savaşım,

Heyif ki, səndədir sirrim, sirdaşım.

Bilməm, hara uçdu o iqbal quşum?

Gəlmədi ilk bahar, ağardı saçım.

Niyə etdiyindən utanmır o da,

Yaranmış fanidir qoca dünyada.

Can dedim gəncliyə, cavanlığa da,

Yox imiş etibar, ağardı saçım.

Neçə ki, canında can var, gəz, ara,

Yaxşı yarı, şair, yaxşı yaz, ara.

Namərd endirməsin mərdi məzara,

Könül, mərd dost axtar, ağardı saçım.

Sərraf Qasım, sözü şirin qoşursan,

Batan günəş kimi dağlar aşırsan.

Qəriblikdə kimlə halallaşırsan,

Yoxdur bircə qəmxar, ağardı saçım.