1101: YAQUB ƏMİ

YAQUB ƏMİ

Kişi gəldin, kişi getdin dünyadan,

El deyir min rəhmət, ay Yaqub əmi.

Yerin də, yurdun da verir bəhrəsin,

Çəkdiyin hər zəhmət, ay Yaqub əmi.

Qutaran olmadı şahları matdan,

Uçan balıq niyə oldu qanaddan?

Götürməyən qoy götürsün həyatdan,

Hikmətamiz ibrət, ay Yaqub əmi.

Dünyaya bir karvansara baxıram,

Könüllər sınıqdır, hara baxıram.

Saldığın bağçada bara baxıram,

Ürək tapır şəfqət, ay Yaqub əmi.

Mənzilin son yolu-haqq məkan yolu,

Xəbərini hər kəs mehriban alı.

Tükənməz eşq dolu, məhəbbət dolu,

Xəzinədən sərvət, ay Yaqub əmi.

Sərraf Qasım gəlib toy-bayramına,

Şükür, övladların çatır kamına.

Pərvanətək qovuşurlar şamına,

Qalib gəlir vəhdət, ay Yaqub əmi.