1099: BİLİRƏM (Əziz anamın)

BİLİRƏM (Əziz anamın)

Qibləgah sayıram, əziz anamın,

Məzarını Məkkə, Mina bilirəm.

Doqquz ay bətnində bəsləyib məni,

Gətiribdir bu cahana bilirəm.

Hər dərdimə o hədəfdir, mən bərə,

Mehrabımda bənzəri var minbərə.

Şöhrətimi çatdırıbdır min birə,

Şanımı qatıbdır şana bilirəm.

Dağlarım ötüşmür çənsiz, ay ana,

Saçlarım ötüşmür dənsiz, ay ana.

Bu fani dünyaya sənsiz, ay ana,

Bel bağlayıb, nə inana bilirəm.

Belə gəlib, belə gedən dünyadı,

Anasız yox imiş onun da dadı.

Od almır qəlbindən qəlbimin odu,

Nə alışıb, nə də yana bilirəm.

O gün ki, ömrümün karvanı döndü,

Cansızca cəsədim məzara endi.

Sərrafam, enirəm səcdənə indi,

Yatdığın torpağı ana bilirəm.