1097: EL HAVASI

EL HAVASI

Sədan ki yayıldı dağa, arana,

Yüklənər, yeriyər köç, el havası.

Şirinliyi el əlindən içmisən,

Mənə də deyirsən iç, el havası.

Qaraca oğlandan bir sən qalmısan,

Nəsil-nəsil zərifləşib, dolmusan.

Karvanlı yollara körpü olmusan,

Ellərə deyirsən köç, el havası.

Sənsiz darıxaram, qəlbim oyular,

Çallam, nəfəsində bahar duyular.

Kəllə kəl döyüşər, səsə ayılar,

Toqquşar qoç ilə qoç, el havası.

Laylayın Kür, Araz çaylarımızda,

Yaşadır Qorqudu boylarımızda.

Gəlin qədəminə toylarımızda,

Oxunmasan olmaz heç, el havası.

Obanı qəm alsa, dağı duman, çən,

Əgər yurdlarımız olmasa gülşən.

Elat şövqə gəlməz, oxunmasan sən,

Elin şuru olar puç, el havası.

Xilqətindən yaranıbdır xilqətin,

Ədalət sazında çalındın mətin.

Əsrlərdir elin şadlıq xələtin,

El üstə biçmisən, biç, el havası.

Sərraf Qasım deyər: könül, nəvalan,

Ürəyin Şahdağı, köksün Savalan.

Sazınla bir sinəm üstə yuvalan,

Qanadlan, oradan uç, el havası.