1096: OLMASIN

OLMASIN

Bu geniş dünyada insanam deyən,

Köməksiz, arxasız, elsiz olmasın.

Yoxsulluq insanın qəddini əyər,

Heç kim kimə möhtac, pulsuz olmasın.

Meşələr maralsız görünər cansız,

Karvan azar bələdçisiz - sarvansız.

Bulaq zümzüməsiz, oylaq tərlansız,

Göl sonasız, sona gölsüz olmasın.

Kəl–kəlsiz yeriməz, nər də, mayasız,

Qıy başında məğrur qartal sayasız.

Kəklik daşsız, şahin-şonqar qayasız,

Çöl ceyransız, ceyran çölsüz olmasın.

Çalışın həyatda necə ki sağsız,

Qoymayın qalmağa bağbanı bağsız.

Dəniz fırtınasız, dalğasız, çağsız,

Sel selabsız, selab selsiz olmasın.

Sərrafam, ölərəm sirdaşsız, yarsız,

Heç yolçu yoldaşsız, yoldaş ilqarsız.

Ötüşə bilərmi heç çəmənzarsız?

Gül bülbülsüz, bülbül gülsüz olmasın.