1094: MƏHƏBBƏTİM VAR

MƏHƏBBƏTİM VAR

Ürəyimdə dövr eyləyən qanım tək,

Borçalı sazına məhəbbətim var.

Ölməz ustadımız aşıq Sadığın,

İrsinə, izinə məhəbbətim var.

Mənəm babam Aşıq Şenliyi gəzən,

Dərdimənd Lələnin möhübün düzən.

Para taxta üstə Lətif şah üzən,

Dəryanın üzünə məhəbbətim var.

Mən olmuşam davamçısı dəbinin,

Aludəsi, həm vurğunu təbinin.

Söz dünyası böyük şair Nəbinin,

Dürlü haqq sözünə məhəbbətim var.

Eyvaz Borçalının eşqinə baxan,

Düşünür: sənətdə şimşəkdir çaxan.

Xalqa, elə bağlı sənətdən axan,

Çeşmənin gözünə məhəbbətim var.

Heyrandı əzəldən şərqimə aləm,

Sərraf Qasım ötən sazları zil, bəm.

Hüseyn Saraçlının, Kamandarın həm,

Əmrahın özünə məhəbbətim var.