1093: XATİRƏLƏR YAŞAYAR

XATİRƏLƏR YAŞAYAR

Hörmətli el ağsaqqalı mərhum Əli Quliyevin vəfatı münasibəilə onun əziz xatirəsinə yazdığım şeir.

Dünyadan köçsəndə, el ağsaqqalı,

Səndən sonra xatirələr yaşayar.

Son vida-ömürdən əl üzüləndə,

Ündən sonra xatirələr yaşayar.

Səbirlə ağlayın, verin bir ara,

Matəmin saxlayın, geyinin qara.

Geci, tezi, düşər bir gün saçlara,

Dəndən sonra xatirələr yaşayar.

Qaranı geyərlər ağ xatirinə,

Bağbanı sevərlər bağ xatirinə.

Dəymə sinəmdəki dağ xatirinə,

Qəmdən sonra xatirələr yaşayar.

Söylə kim bacarıb, ölümdən qaçar,

Hər insan olacaq ölümə düçar!

Təmkin məqamında sübhü-sübh açar,

Dandan sonra xatirələr yaşayar.

Razı ol, zülməti boğan günəşdən,

Doğular bir körpə çağan günəşdən,

Yas keçər, toy olar, doğan günəşdən

Gündən sonra xatirələr yaşayar.

Allah qoysa, bu ocağa saz gələr,

Xoş qədəmli gəlin köçər, qız gələr,

Qışdan sonra, bu qaydadı, yaz gələr,

Çəndən sonra xatirələr yaşayar.

Bu tale hökmüdür, hamı getməli,

Sərraf Qasım, bunu mütləq deməli;

İnsan oğlu “xeyir əməl” etməli,

Ondan sonra xatirələr yaşayar.