1087: HƏKİM (Ey əziz loğmanım)

HƏKİM (Ey əziz loğmanım)

Ey əziz loğmanım, özgə nə bilər?

Öz dərdimi soruş özümdən, həkim.

Şəfa eşqi ilə, min arzu, dilək,

Məgər oxunmurmu gözümdən, həkim.

Olsa da könlümün min ahı-zarı,

Şükr, var sənin tək dərd xilaskarı.

Allah nicat versin, cavanam barı,

Deyim, eşidəsən sözümdən, həkim.

Qoyma vaxtsız ölüm gəlsin eynimə,

Qəssal geyindirsin kəfən əynimə.

Gedim, övladları alım qoynuma,

Öpsün oğlum, qızım üzümdən, həkim.

Yada düşən qohum, qardaş, yar olur.

Nə mal-dövlət, nə gözümdə var olur.

Nə başda huş, nə əldə girdar olur,

Ağrı başlayanda dizimdən, həkim.

Sərraf deyər, xəstə yönüm, dön bəri,

Dərim şehli-şehli qoy süsənbəri.

Dərd, salmasın məni cərgədən geri,

Qalmayım qatardan-düzümdən, həkim.