1084: DAĞLAR (Nədən?)

DAĞLAR (Nədən?)

Nədən payız fəsli qəlb sıxan olur,

Düşünürəm özüm-özümə dağlar?

Mələşməyir ağ, qara göz quzular,

Düzülmür düzümdən-düzümə dağlar.

Hər tərəf bülbülsüz, hər çəmən gülsüz,

Hər tərəf lal kimi, hər tərəf dilsiz.

Hər tərəf obasız, hər tərəf ellsiz,

Qüssədən yaş gəlir gözümə, dağlar.

Hanı səndə laylay deyən analar?

Ayna göllər donub, üzmür sonalar.

Yazda gəlib sinən üstə qonalar,

Sözün varsa, söz de, sözümə, dağlar.

Hər zaman beləcə arsızsan-arsız,

Yazda ilqarlısan, payız ilqarsız.

Mən səni görəndə yoldaşsız, yarsız,

Dözmürəm, səndəki dözümə, dağlar.

Sərraf Qasım deyər: var qəhr azarın,

Hanı naxırların, ilxı atların?

Hərdən sərt küləklə, hərdən də narın,

Qar vurur üzündən-üzümə, dağlar.