1083: BİZİM

BİZİM

Yalnız mən demirəm, bu dünya deyir,

Dilimiz musiqi dilidir bizim.

Məşhuruq yazmaqda, bəstələməkdə,

Əlimiz musiqi əlidir bizim.

Öyrədibdir bizə laylanı anam,

Əzəldən mən ona çox mehribanam.

Sakini nəğməkar, yaşılbaş sonam,

Gölümüz musiqi gölüdür bizim.

Eşqlə qalxar kəklik, turac yuxudan,

Könüllərə şirin sevda axıdan.

Bülbüllərə təranələr oxudan,

Gülümüz musiqi gülüdür bizim.

Odur babalardan qalan qədim iz,

Onunla duyuruq, düşünürük biz.

Qəlblərdə bəstəli şer ahəngimiz,

Yolumuz musiqi yoludur bizim.

Tar, kaman, saz, zurna şöhrətdi, şandı,

Hər yerdə onlarsız ürəyim yandı.

Sərraf Qasım deyər: Azərbaycandı –

Elimiz, musiqi elidir bizim.