1082: NƏ VAR (Özün qazan)

NƏ VAR (Özün qazan)

Özün qazan, özün at al, özün min,

Özgənin atını minməyə nə var.

Öz dilinlə özün danış, özün din,

Özgənin dilində dinməyə nə var.

Deməliyəm gəlib yaxşı söz yeri,

İtməsin ləpirin, qoy bir iz yeri.

Haqq yolunda düz addım at, düz yeri,

Yoxsa yolu azıb dönməyə nə var?

Nə fəxr et, hünər say, əhdi danmağı,

Sən ölüm bil, xəcalətdən sınmağı.

Könüllərdə odlan, bacar yanmağı,

Qor kimi közərib sönməyə, nə var.

Tale çox məğrurdur, tale mətindir,

Sərraf Qasım, olsa səadətindir.

Tərəqqi eyləyib qalxmaq çətindir,

Tənəzüll eyləyib enməyə nə var.