1080: AŞIQ ƏDALƏT

AŞIQ ƏDALƏT

Dilsiz daşları da dilə gətirir,

Çalanda sazını Aşıq Ədalət.

Kərəm yada düşür, kədərləndirir,

Dilqəm avazını Aşıq Ədalət.

“Misri” xatırlayır gurlayan seli,

Axır ürəklərə, dolaşır eli.

Haqqın dərgahından yapışır əli,

Yumanda gözünü Aşıq Ədalət.

Doymaq olmur şirin dilli sazından,

“Ruhani”li, ”Sarıtel”li sazından.

Ellər söhbət açır telli sazından,

Danışır sözünü Aşıq Ədalət.

Saz dinəndə dalır tarın, kamanın,

Ellər bilir, elə gəlir gümanın.

Ustadların; Ələsgərin, İmanın,

Tutubdur izini, Aşıq Ədalət.

Sərraf Qasım deyər: əziz, mehriban,

Yetişdin sənətdə nadir, ey insan.

Səninlə fəxr etmir tək Azərbaycan,

Xoşbəxt san özünü, Aşıq Ədalət.