1079: QAZAXDA

QAZAXDA

1981-ci ildə dostum Vidadi ilə Qazaxda Aşıq Ədalət Nəsibovun apardığı məclisdə olarkən yazdığım şeir.

Vurğunun yurdunda odlu sinəmdə,

Ürək coşub gəldi sözə Qazaxda.

Ata, ana, baba, qoca nənə də,

“Xoş gəldin” söylədi bizə Qazaxda.

Dost deyil, dost qədrin bilməyən dostlar,

Dost deyil, dost şadsa gülməyən dostlar.

Gəlsəniz Qazağa gəlməyən dostlar,

Onlarla mehriban sizə Qazaxda.

Qazağın ərəbi, dilbaz atı var,

Minib seyrə çıxdıq, şən həyatı var.

Qurulur hər yanda min büsatı var,

Gördük xarüqələr təzə Qazaxda.

Vidadi, ağlama, qəlbim üşüyü,

Burdadır Vurğunun evi-eşiyi.

Azəri yurdunun şer beşiyi,

Könlüm istər hər an yaza Qazaxda.

Sərraf Qasım, ölməz xatirat qaldı,

Bu səfərdən ürək min ilham aldı.

Ədalət də “Təcnis”, “Cəlili” çaldı,

Dostlar, mehman olduq saza Qazaxda.