1078: AY DƏDƏ ŞƏMŞİR

AY DƏDƏ ŞƏMŞİR

İnciyibmi ellərindən ayrılıb,

Qurban yadigarı, ay Dədə Şəmşir?

Unutmaz xalqımız atan tək, sən tək,

Ölməz sənətkarı, ay Dədə Şəmşir.

“Qəlbimlə bu yerə bağlıyam” - deyib,

“Dağlarda doğulmuş dağlıyam” - deyib.

Səbəb nədir? “Qoşqar oğluyam” - deyib,

Unutdun Qoşqarı, ay Dədə Şəmşir.

Sayəndə böyümüş uca çinaram,

Nurun ilə şölələnən fənaram.

Canımdan can çıxanadək anaram,

Dosta vəfadarı, ay Dədə Şəmşir.

Dağlarda gül, çiçək, qar əsaslıdır,

Vüqarlıdı, başı zərli, taclıdır.

“Keti” dağ da, “Dəlidağ” da yaslıdır,

Gəl yarasın sarı, ay Dədə Şəmşir.

Dindi köksün üstə saz əllərinlə,

Əl verib görüşdüm yüz əllər ilə.

Ceyran bulağında gözəllər ilə,

Oxşadın baharı, ay Dədə Şəmşir.

Sərraf Qasım sözlərinə “bal” dedi,

Hər zaman dərd bilən əhli-hal dedi.

Vurğun sənə onu yada sal dedi,

Pozmadın ilqarı, ay Dədə Şəmşir.