1077: SÖZLƏR

SÖZLƏR

Yazılan hər hikmət fəlsəfəsini,

Yaysın qoy ellərə gün kimi sözlər.

Ömrü uzun olsun, ömür yaşatsın,

Ötəri olmasın il kimi sözlər.

Dərin məna verə, çox bitkin ola,

Ruha qida verə, çox yetkin ola,

Dəyərcə, kəsərcə çox ötkün ola,

Ötə tutidəki dil kimi sözlər.

Yeri gəlsə, ola yamana-yaman,

Yeri gəlsə, verə amana-aman,

Sərraf Qasım qoşub söyləyən zaman,

Ətir saça bilə gül kimi sözlər.