1075: QİSMƏT

QİSMƏT

Nəsibimiz belə oldu həyatda,

Tikan mənə qismət, gül sənə qismət.

Allah məsləhəti belə elədi,

Zəhər mənə qismət, bal sənə qismət.

Əlac budur: gedib gəzim biçarə,

Qapım bağlı, hara gedim açara.

Nə bir arxam, kimsəm oldu nə çarə,

Qürbət mənə qismət, el sənə qismət.

Bu meydanda nə nərlik, nə mayalıq,

Yersiz oldu, etdimsə də sayalıq.

Həyatda nəsibim daşlıq, qayalıq,

Cığır mənə qismət, yol sənə qismət.

Xudam salsın özü nəzərin üstə,

Təbib hanı, gəlsin azarın üstə.

Fərqimiz olacaq məzarın üstə:

Taxta mənə qismət, sal sənə qismət.

Nə lazım gizlətmək, açıq söyləyim;

Mən yazıq, sən cəllad necə söyləyim?

Sərraf Qasım deyər: oldu neyləyim,

Bəd bəxt mənə qismət, xal sənə qismət.