1073: BAŞ YURD (Qışlaq haqqında)

BAŞ YURD (Qışlaq haqqında)

(Şahbuz lövhələrindən)

Vərəqlə, aç oxu salnaməsini,

Sanki bir tarixi Zərdüştdü “Baş yurd”.

Bu gün mən qonağam, sabah başqası,

Gəlişdə, gedişdə gərdişdi “Baş yurd”.

Zövq alarsan, getsən “Portdan bulağ”a,

Şahid ol ordakı təzə növrağa.

Bir bax “Zor bulaq”dan dönəndə sağa,

Necə “Daş bulağ”a sirdaşdı “Baş yurd”.

Kim qyoub adını “Xan bulaq” dedim,

Əyilib içdikcə “can bulaq” dedim.

“Kim qatıb suyuna şan bulaq” dedim,

Nədən bir tərəfin “Pir daş”dı, “Baş yurd”?

Gəzdim “Bədəl yurdu”n hər yeri şehli,

Çiçəkli yolları çiskinli, mehli.

“Keygidərli” dağın xalı zər rəngli,

“Xırmandaş” yanında bir daşdı “Baş yurd”.

“Dibəkdaş”da qoyun, quzu bəslənər,

Bu dolaydan o dolaya kislənər.

“Quşlu qaya”da da quşlar səslənər,

Bu daş sirdi, demə hər daşdı, “Baş yurd”.

Gur “Qiblə bulağ”ı qibləyə axar,

“Çınqıllı” təbibdir, suyu şəfəkar.

Alunit tək sənin bol nemətin var,

Xəzinədi, sanki dür daşdı “Baş yurd”.

“Qanlı göl”, “Keçəl dağ” gözəl oylaqdır,

Mən addım atdığım əzəl oylaqdır.

Sərraf Qasım deyər: doğma yaylaqdır,

“Təkəlik” də sənə qardaşdı, “Baş yurd”.