1072: DAĞLARDAN ALIR

DAĞLARDAN ALIR

Qartal süzümünü lay buludlardan,

Qüdrətini uca dağlardan alır.

Qıy vuranda gəlir hay buludlardan,

Cürətini uca dağlardan alır.

Olursa qoy olsun hansı yaşında,

Qartal mətinləşir mərd savaşında.

Süzür qalibiyyət, sevda başında

Sürətini uca dağlardan alır.

Məğrurdu, savaşda səyilməz qartal,

Cəsur olduğundan döyülməz qartal.

Çətin anda dönməz, əyilməz qartal,

Vüsətini uca dağlardan alır.

Qartallar vuruşur zirvədə, çəndə,

Varsa de, bu qədər mətanət kimdə.

Qartal əzəmətin, vüqarın həm də,

Qeyrətini uca dağlardan alır.

Sərraf Qasım deyər: mərd ana yatır,

Dağlarda doğulub, dağda boy atır.

Qartal arzusuna zirvədə çatır,

Şöhrətini uca dağlardan alır.