1071: KİMİ (Aşıq Ələsgər)

KİMİ (Aşıq Ələsgər)

Ələsgər nəslinə el hörməti var,

Telli sazın, sözün allahı kimi.

Unutmarıq, hər vaxt ulu bilərik,

Onları sənətin bir şahı kimi.

Bu ocaqdan od alıbdır hər zaman,

Nəcəfi, Talıbı yetirib haman.

Saz çalıb, söz qoşub təbidar İman,

Hikmət dünyasının sabahı kimi.

Cami-ləzizinin şirindir tamı,

İçsin hər sənətkar qoy alsın kamı.

Açıqdır qapısı, tanıyır hamı,

Bir el sənətinin dərgahı kimi.

Yazırsansa saf mənalı bir söz yaz,

Ləl qiymətdən düşməz, pas atmaz almaz.

Sərraf Qasım, elə bir mətahı olmaz,

Qiymətdə onların mətahı kimi.