1069: SAXLA

SAXLA

1978-ci ildə Aşıq Ələsgərin nəvəsi Aşıq Haqverdi ilə birlikdə bir el məclisində iştirak edərkən ona xitabən yazdığım şeir.

Aşıq qardaş, sinən üstə çaldığın,

Ələsgərin sazı sazımdır, saxla.

Keşiyin çək, qoru, Ələsgər mülkü,

Doğma xalqımızın – bizimdir, saxla.

Allah rəhmət etsin mərd ustadına,

Baş endir, səcdə qıl onun adına.

Layiq ol, el baxır etimadına,

Ələsgərin izi izimdir saxla.

Cismani babandır, bilir el-obam,

Ələsgər mənimsə mənəvi babam.

Onsuz isinmərəm, ona möhtacam,

Qəlb atəşi sönməz közümdür, saxla.

Nahaq dərd yamandır, sən çək haqq dərdi,

Unutma ki, məsləhəti haqq gördü.

Növrəs İman, Nəcəf, Talıb, Haqverdi,

Qırma neçə qatar düzümdür, saxla.

Mən Sərraf Qasımam, ömrə gülərəm,

Ölüm fərzdir, mətləb üstə gələrəm.

Bir gün yaranmışam, bir gün ölərəm,

Ölməz bu əmanət sözümdür, saxla.