1067: GƏLİB DANIŞSIN

GƏLİB DANIŞSIN (Yadigar sazın)

1975-ci ildə Tovuz rayonunun Məşədilər kəndində görkəmli Azərbaycan sazbəndi, əziz dostum usta Xududan özümə və Naxçıvan aşıqlarına saz alarkən ona xitabən yazdığım şeir.

Usta Xudu, səndən bir saz istərəm,

Yetmiş iki dilə gəlib danışsın.

Ötsün pərdə-pərdə, şirin, həzin, gur,

Barmaq sarı telə gəlib danışsın.

Səsi titrək olsun, nəfəsi bahar,

Çalınanda əldən alsın ixtiyar.

Aşığın sazına təmənnası var,

Şeyda bülbül gülə gəlib danışsın.

Başlayıb zirvədə qartal süzməyə,

Şahin-şonqar çıxıb ovun gəzməyə.

Telli sazın eşqi ilə üzməyə,

Yaşılbaşlar gölə gəlib danışsın.

Baş-ayaq nizamın bərabər olsun,

Qoca tutdan tuti dillər car olsun.

Qoz qaralı telli sazın var olsun,

Nəsildən-nəsilə gəlib danışsın.

Sevirəm yurdumun Kürün, Arazın,

Mən Sərraf Qasımam çəkərəm nazın.

Usta Xudu, sənin yadigar sazın,

Aşıb eldən-elə, gəlib danışsın.