1064: AYRILDI

AYRILDI

Əmim İba Əhmədovun əziz xatirəsinə həsr edirəm.

Ay ellər, obalar halım müşküldü;

Dağlarımdan qopub, dağım ayrıldı.

Nə etmişdim fələk mənə pis güldü,

Ulu kökdən şah budağım ayrıldı.

Min yol, “əmi” desəm, hər vaxt “can” dedi,

Sonuncu nəfəsdə mehriban dedi:

Soyunu unutma, üstə yan - dedi,

Tutulub tez ay qabağım ayrıldı.

Sorsalar nə deyim mən gədiklərə?

Qalxanda dağlara, biçənəklərə.

Həsrət köçdü deyim gül-çiçəklərə,

Çağlarımdan gözəl çağım ayrıldı.

Zədələndim yaşıl bir tağ içində,

Çırpınıram acı bir dağ içində.

Neçə gülüm soldu bir bağ içində,

Məndən getdi barlı bağım ayrıldı.

Mən Sərraf Qasımam, arxam gərəyim,

Sındı belim, sındı qolum, biləyim,

Elə bil bölündü yarı ürəyim,

Bədənimdən qopdu, sağım ayrıldı.