1061: GÖZƏL (Şadlan)

GÖZƏL (Şadlan)

Mərdəkan xatirələrim silsiləsindən, 9 may qələbə günündə ağlayan bir gözələ yazdığım şeir.

Şadlan, sənə qəmgin olmaq yaraşmır,

Məni də ağlatdın, ağlama, gözəl.

Gözlərin dağların şəlaləsidir,

Çağla, demirəm ki, çağlama gözəl.

Bax uca dağlara, gör dağ üstündən,

Əskik olmaz köhnə qar dağ üstündən.

Sağalmamış hələ bir dağ üstündən,

Yenidən qəlbimi dağlama, gözəl.

Deyirlər şəfa var gözdən ürəyə,

Saxla əmanətdir bizdən ürəyə.

Mən Sərraf Qasımam gözdən ürəyə,

Görünən yolları bağlama, gözəl.