1060: OLANDA

OLANDA

Yaranış belədir: bu kainatda,

Dağlar da qəm çəkər qarsız olanda.

Əfsus ki, insan var yüz yaşasa da,

Dərd çəkməz, qocalmaz arsız olanda.

Sevincini yarı böldür çoxdursa,

O kəs insan deyil, dərdi yoxdursa.

Gün gəlib çatıbsa əgər vaxtdırsa,

Bağban ağlar, bağı barsız olanda.

Bünövrəni xaliq özü düz qoya,

Qismət ola, könül verə tay-taya.

Ayaqlar axurun gözləməz maya;

Gözdən düşüb nərlər karsız olanda.

Bülbül solan gülü bəxşiş almazdı,

Gül bitməzdi, açılmazdı, solmazdı.

Çəmənlər çiçəkli oylaq olmazdı,

Ətir də saçmazdı sarsız olanda.

Sərraf Qasım deyər bir fikir verin;

Zəkası, ağılı, kamalı dərin,

Qeyrətli, hünərli, mərd kişilərin

Qaməti əyilər varsız olanda.