1059: SÖZDÜR

SÖZDÜR

Sənin şan-şöhrətin, var-dövlətin pul,

Mənim şan-şöhrətim, dövlətim sözdür.

Sənin təmtərağın, hər zinətin pul,

Mənim təmtərağım, zinətim sözdür.

Nə deyilir, qulaq ver el sözünə,

Ar, namus deyilən gəlmir gözünə.

Sənin məstanəndi haram xəzinə,

Mənim var-dövlətim, şərbətim sözdür.

Rəhmət yaxşılara, lənətlər pisə,

Ağrıların çoxdur, çətin ki, kəsə.

Bil sənin qiymətin, hörmətin nəsə,

Mənimsə qiymətim, hörmətim sözdür.

Fələk nə soruşmur, nə baxmır nırxa,

“Mənəm” deyənləri hey verir çarxa.

Sənə kömək “mal”dı, “dövlət”di arxa,

Mənimsə dəstəyim, niyyətim sözdür.

Sərraf Qasım, vara az meyil saldın,

Çünki topladığın o sərvət-altun,

Sənin deyil, bir gün boşalar altın,

Mənimsə ömürlük sərvətim sözdür.