1058: A YAZIQ, YAZIQ

A YAZIQ, YAZIQ

Sərraf Qasımın Mərdəkan xatirələri silsiləsindən.

Söylə nəyə gəlib, nəyə doğulub?

Bu dünyaya gələn a yazıq, yazıq.

Ölüm haqdır, xoşbəxt olub öləsən,

Bədbəxt olub ölən a yazıq, yazıq.

Şeşləri qoşadır zaman nərdinin,

Bəxti yoxdur hayıf onun mərdinin.

Çarəsizin çarəsini, dərdini,

Dərmanını bilən a yazıq, yazıq.

Atalar özüdür bu sözü yazan,

Büdrəyib yıxılar düz yolun azan.

Öz alın tərinlə var-dövlət qazan.

Özgə malın bölən a yazıq, yazıq.

Çox görmüşəm yar xalısın salmayan,

Sevib, seçib sevgilisin almayan.

Varlı, varsız kimdir yazıq olmayan?

Ən bədbəxtdir kalan a yazıq, yazıq.

Yarğanlar yaranar sellə, daşqınla,

Axar şəlalədən çaylar coşqunla.

Sərraf Qasım kimi ağlı çaşqınla,

Dünyanı gəz dolan a yazıq, yazıq.