1057: YIXAR SƏNİ (Vəzifə)

YIXAR SƏNİ (Vəzifə)

Vəzifə bir atdır, minəndə yoxla,

Çaparsan, aparar huş yıxar səni.

Qürrələnmə, bunu yadında saxla,

Güvənmə zoruna, xoş yıxar səni.

Vəzifə köhlənin yavaş sürməsən,

Həddi aşsan, öz həddində durmasan.

Gözündə hamını eyni görməsən,

Fərq qoysan, ağılsız baş yıxar səni.

İnanma vəzifə etibarına,

Çox da ki, hökm keçib ixtiyarına.

İçmə, namərdlərin sağlıqlarına,

Nuş olsun dediyin “nuş” yıxar səni.

Bu dünyada ya piyada, ya çapar,

Həmişə işini tarazda apar.

Tərəqqi dəsgahın tənəzzül tapar,

Car olar gözündən yaş yıxar səni.

Nəri ayaqlama, yaramaz, maya,

Nə ola, sözümün mənasın duya.

Elə ki, nəzərdən düşdün, a qaya,

El eylər bir çürük daş yıxar səni.

Sərraf Qasım, getdiyin o yol ki var,

Gözlə, o yol üstə çaqqal, tülkü var.

Vəzifədən topladığın pul ki var,

Üzü qara, əliboş yıxar səni.