1052: UNUTMA

UNUTMA

Mən sənə aşiqəm, sevirsənsə sən,

Qürbətdəki sənsiz yarı unutma.

Gözlə mənliyini, gözlə adını,

İtirərsən namus, arı unutma.

Sal yadına barı, aşiqim hanı?

Gətir xəyalına mən mehribanı.

Mənimlə etdiyin əhdi-peymanı,

Verdiyin o düz ilqarı unutma.

Başa gələn işlər gərdişdəndi bil,

Gözünün yaşıyla göz yaşımı sil.

Gözlə, gülüstandan inciyər bülbül,

Meylin salmaz gülə sarı, unutma.

Eşqim solmayacaq bir yaşıl tağdır,

Sənin həsrətindən saçlarım ağdır.

Sevgilin eşqinlə bir uca dağdır,

Əriyər zirvədə qarı, unutma.

Sərraf Qasım deyər: sağalmaz yaran,

Borana düşəndə nə dağ, nə aran.

Əgər ki əsirsə baharda boran,

Budağın dolusa, barı unutma.