1051: OLSUN (Öyüd)

OLSUN (Öyüd)

Atanın sözləri, bala, öyüdün,

Ananın sözləri qüvvətin olsun.

Əslini, soyunu itirmə, daim

Ucal kökün üstə, qüdrətin olsun.

Nə quyu qazan ol, nə də yol azan,

Olmasın nə qorxun, nə də ki cəzan.

Bir tikə çörəyi zəhmətlə qazan,

Halaldan nemətin, qismətin olsun.

Dağ olub, başını dumanla dara,

Yaşıl bağ ol, bəhrə yetir, dol bara.

Xalq üçün çalışıb, hər işə yara,

Çalış el içində hörmətin olsun.

Sərraf Qasım deyər: lətafətini,

Cavanlıq eşqini, təravətini.

İtirmə həyanı, ləyaqətini,

Gözlə öz abrını, ismətin olsun.