1050: VAR (Ana vətən)

VAR (Ana Vətən)

Ana vətən, Azərbaycan,

Səndə sazın binası var.

Onun əslin bil kim doğub,

Ozan kimi anası var.

Arzusudu, el dolaşır,

Sanki o da, coşub-daşır,

Telli sazda, nəğmə qoşur,

İnsan kimi, sinəsi var.

Kökün çəksən, hara dönər,

Gah alışar, gah da sönər,

Pərdə-pərdə qalxıb enər,

Sazın çoxlu xanəsi var.

Səsində var “Cəngi” səsi,

Nərəsi, Babək nərəsi,

Düşündürür, o, hər kəsi,

Sazında təmənnası var.

“Gəraylı”, “Təcnis”, “Ruhani”,

Vəcdə gətirir insanı,

Telli sazda “Misri” sanı,

İgidlik nişanəsi var.

Açır güllər, gələndə yaz,

Xəyallara dalmırsan az.

Öz havasın çalarkən saz,

Onun min bir mənası var.

Sərraf Qasım, zil-bəmini,

Tut sazda çal “Dilqəmi”ni,

Əsli kimi, “Kərəmi”ni,

İstəyən var, yanası var.