1049: MƏN MAŞINDA, O, AT ÜSTƏ

MƏN MAŞINDA, O, AT ÜSTƏ

Bu şeir “Sərraf Qasımın Dağıstan səfəri” dastanının tərkib hissəsidir. Şeirdə “Dedim”-“dedi” üsulu ilə Sərraf Qasımın gənclik vaxtlarında Dağıstanda ləzgi bir qızla tanışlığından bəhs olunur.

Ləzgi qızla tanış oldum,

Mən maşında, o, at üstə.

Əhvalını xəbər aldım,

Mən maşında, o, at üstə.

Dedim ay qız, yarın harda,

Dedi: təkəm buralarda.

Ürəyimə sevgi doldu,

Mən maşında, o, at üstə.

Dedim ay qız, ay kimisən,

Dedi: babsan[1], tay kimisən.

Az qaldım ki, pərvaz edəm,

Mən maşında, o, at üstə.

Dedim ay qız, gədik aşaq,

Dedi: əl ver, halallaşaq.

Əl uzatdım ağ əlinə,

Mən maşında, o, at üstə.

Dedim ay qız, yaralısan,

Dedi: oğlan, haralısan?

Nişan verdim öz yerimi,

Mən maşında, o, at üstə.

Ay qız, mən naxçıvanlıyam,

Oğlan, mən dağıstanlıyam.

Sərraf Qasımam söylədim,

Mən maşında, o, at üstə.

[1] Bab - yaraşıqlı