1044: TOYA GƏLİB (Əmi)

TOYA GƏLİB (Əmi)

Mərhum İba əmimin oğlu Dilavər müəllimin toyunda İba əmimə xitabən yazdığım şeir.

Oğlunun toyudur, ruhun şad olsun,

Toya gəlib ellər, obalar əmi.

Fəqət ziyafətdə sənsiz əyləşib,

Analar, atalar, babalar əmi.

Toya gəlib ellər, obalar əmi.

Onun şirin dilin mənə yetirin,

Danışsın bu toyda alım ətirin.

Yaşar qəlbdə, unudulmaz xatirin,

Keçə min axşamlar, səbalar əmi.

Toya gəlib ellər, obalar əmi.

Qara zurna dilə gəlib neyləyir,

Muğamat oxuyur, mahnı söyləyir.

Bayatını oyun əvəz eyləyir,

Havaları təzə havalar əmi.

Toya gəlib ellər, obalar əmi.

Qatıb ellər dərdin, dərdinə bölüb,

Sanki şadlığını şadlığı bilib.

Dəvətinə məğrur qartallar gəlib,

Açıb qapıların yuvalar, əmi.

Toya gəlib ellər, obalar əmi.

Sərraf Qasım son qoy hər nisgilinə,

Çatıb çünki həsrət bülbül gülünə.

Əvəzindən böyük oğlun gəlinə,

Verir sən tək xeyir-dualar əmi.

Toya gəlib ellər, obalar əmi.