1042: GƏLƏNDƏ GƏL

GƏLƏNDƏ GƏL

Təbiət vurğunu, təbiət dostu,

Sən bizim dağlara el gələndə gəl.

Yoğur gəlişini təbəssümə qat,

Bahar gəlişilə il gələndə gəl.

İzlə durnaları: yolları səma,

Çəkib qatarını düzər nizama.

Eldən-elə gələn yetişsin kama,

Durna gəlişini bil, gələndə gəl.

Gəl, gör muflon qoçun bəndin, bərəsin,

Sıçrayan görərsən qaya tirəsin.

Bahar çiçəyinin çəkib şirəsin,

Arı caynağına bal gələndə gəl.

Dostlar min yaşasın, düşmən tez ölsün,

Bu sağlığa şirin badə süzülsün.

Narın yağış kəssin, kabab düzülsün,

Göydən yerə qurşaq-xal gələndə gəl.

Çaylar şaqqıldaşar, sellər axınar,

Təbiət bəstələr, nəğmə oxunar.

Sanki ilmələnib, xalı toxunar,

Bahar çələngində şal gələndə gəl.

Doğmadır o tay da, mənə bu tay da,

Duman, çən dağlarda qaydadı, qayda.

Dost, bizim yerlərə baharda, yayda,

Çəmənzar olanda; gül gələndə gəl.

Dostluğun özü də neçə ləvindir,

Yaxşı dostun evi sənin evindir.

Sərraf Qasım deyər: dostu sevindir,

Sal dostun boynuna qol, gələndə gəl.