1038: SƏNİN NƏYİN VAR?

Sərraf Qasımın doğma vətənimiz barədə əcnəbi alimlərə verdiyi cavabı

SƏNİN NƏYİN VAR?

Əziz dostlar, hörmətli oxucular!

1973-cü ilin bahar çağında bir qrup Azərbaycanlı alim və mütəxəssis, o cümlədən mənim təhsil aldığım, Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun bir neçə nəfər müəllimi və rəhbər vəzifələrdə işləyən məzunu Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən bir elmi konfransda iştirak etmək üçün Gürcüstana dəvət olunur. Həmin vaxt mən İnstitutda əlavə təkmilləşdirmə kursunda oxuyurdum. Mənim Gürcüstanlı dostum Serqo da bu kursda iştirak edirdi. Bu ərəfədə dostum Serqo öz volqası ilə məni Tbilisi şəhərinə həm gəzməyə, həm də konfransda iştirak etməyə gətirdi. Gedib həmin konfransda iştirak etdik. Daha sonra Tbilisi şəhərində Sənan dağının ətəyində tədbir iştirakçılarına ziyafət verildi. Gürcüstandakı bu qonaqlıq məclisində Azərbaycandan, Gürcüstandan və digər qonşu respublikalardan bütün təbəqələrdən olan adamlar, alimlər, müəllimlər, kənd təsərrüfatı işçiləri, mütəxəssislər, sənaye işçiləri və başqa sahələrin nümayəndələri iştirak edirdilər. Qonaqlıqda iştirak edən Gürcüstanlı alimlər, məclis zamanı öz doğma vətənləri olan Gürcüstanın təbiətini, tarixi abidələrini və təbii sərvətlərini həddindən artıq tərifləməklə Azərbaycanı kölgədə qoymağa cəhd edirlər. Onların bu hərəkəti mənə çox pis təsir göstərdi. Bu ərəfədə mənim ürəyimə bədahətən bir neçə söz gəldi. Buna görə də mən, öz müəllimlərimdən icazə alıb, bu Gürcü alimlərin cavabını şeir dili ilə vermək istədim. Məclisdəki Azərbaycanlı alimlər və ziyalılar mənim bu fikirimi dəstəkləyib, məndən Gürcü alimlərə cavab verməyimi və Azərbaycanın füsunkarlığı qarşısında onları susdurmağımı istədilər. Mən isə alqışlarla qarşılanan "Sənin nəyin var" adlı bu şeirimlə onlara layiqli bir cavab verməyi bacardım və mənim bu sözmüdən sonra artıq onların əlavə deməyə heç bir sözü olmadı.

Zərdüşt övladıyam, hər daş dastanım,

Mənim şöhrət yazım, sənin nəyin var?

Qədim salnamədir, ol qobustanım,

Mənim onda gözüm, sənin nəyin var?

Bir yurdum var Məhsətili, Heyranlı,

Adı “Azərbaycan”, güllü, reyhanlı,

Mil-Muğanım qırqovullu, ceyranlı,

Mənim geniş düzüm, sənin nəyin var?

Nəsiminin yazan əlidir əlim,

Fizuli bağının gülüdür gülüm,

Vaqifin,Vurğunun dilidir dilim,

Mənim şirin sözüm, sənin nəyin var?

Təbdaram, bil ki, min həvəsliyəm,

Leyli, Məcnun, həm də Kərəm, Əsliyəm,

Dədə Qorqud nəsli, Ozan nəsliyəm,

Mənim telli sazım, sənin nəyin var?

Məzdəkim, Babəkim rəmzi qeyrətim,

Çavanşir, Koroğlu, Nəbi şöhrətim,

Mərdlər diyarında maddi nemətim,

Mənim ağ sal duzum, sənin nəyin var?

Qoşa axır Bərgüşadla Həkərim,

Bu çaylar birliyim, həm hünər yerim,

Elimə nur səpir, gur dəli Kürüm,

Mənim Xan Arazım, sənin nəyin var?

Alimsən bilirsən, yaxşı özün də,

Qəhrəmanam tarixlərin gözündə,

Tərifim var Ələsgərin sözündə,

Mən özüməm-özüm, sənin nəyin var?

Nələr yetişdirmir, ana torpağım,

Portağal, naringi, limonlu bağım,

Ağ qızıl sərvətim, alunit dağım,

Mənim neftim, qazım, sənin nəyin var?

Sərraf Qasım deyər, Nizami varım,

Sayılılr cahanda şah sənətkarım,

Əcəmi tək ölməz dahi Memarım,

Mənim itməz izim, sənin nəyin var?