1036: OLAYDI

OLAYDI

Ömrüm-günüm keçib, pirəm deyirəm,

İndimdə gəlhagəl, əzəl olaydı.

Yatmayaydı bəxtim, qocalıqda da,

Bəxtim bəxt açaydı, gözəl olaydı.

Gözlərimə çöküb, zülümət qaranlıq,

Heyhat, onu yad edirəm bir anlıq,

Axtarıram, görən hanı cavanlıq,

Gözəllər payıma nazil olaydı.

Gedhagetdə yaşayıram minnətdə,

Qaralanıb adım, yox bir sənətdə,

O səltənətdə yox, bu səltənətdə,

Tağım zərli, taxtım qızıl olaydı.

Nə gördün dünyada, a yazıq canım,

Gəlmisən, gedirsən, səndən nə qanım,

Nə fayda, yoruldu yolda karvanım,

Axırda düzül ha - düzül olaydı.

Fələyin işindən, inci də, küs də,

Yalvar yenə ondan bir möhlət istə,

Sərraf Qasım son söz deyər can üstə,

Kaş ömrüm qayıdıb yüz il olaydı.