1034: BU TOYDA

BU TOYDA

Çox şadam ürəkdən a dostlar yenə,

Qovuşdum ilhama özüm bu toyda,

Bu toydan toylara yadigar qalsın,

Şeirdən bir çələng düzüm bu toyda.

Vaxtsız saçlarıma salsa da dən iz,

Gözləri gözümdə, neçə aybəniz,

Eylədi sinəmi dalğalı dəniz,

Eşqin qəvvasıyam, üzüm bu toyda.

İki qəlb qovuşsun, bir vursun ürək,

Olsun ata-ana, bəy gəlin görək,

Allah etsin toyumuzu mübarək,

Şirin olsun sizin, bizim bu toyda.

Vətənin odunda, Vətəndə yanım,

Elin məcnunuyam, eldə dolanım,

Fərhadam Bistunda, Şirini anım,

Dağ çapım itməsim, izim bu toyda.

Nə gözəldir dərmək elin gülündən,

Sərraf Qasım deyər elin dilindən,

Qoşma yazım təzə bəydən, gəlindən,

Söylənsin o toyda, sözüm bu toyda.