1032: DUYMAQ OLARMI

DUYMAQ OLARMI

Dərk eyləyən, anan, arif insanlar,

İdrakın olmasa, duymaq olarmı?

Dalıb xəyallara, düşüncələrə,

Uyumaq olarmı, uymaq olarmı?

İdrakın olmasa, duymaq olarmı?

Saxta bir sevgiyə, eşqə, həvəsə,

İnsanlar diskinib düşməsin səsə,

Ürək istəməsə, qəlb istəməsə,

Arzunu, diləyi yaymaq olarmı?

İdrakın olmasa, duymaq olarmı?

Mən zirvəyəm, dağam, qarlıyam deyib,

Kəsərəm, asaram, darlıyam deyib,

Sən kimsən, mən–mənəm, varlıyam deyib,

Acların üstündə öymək olarmı?

İdrakın olmasa, duymaq olarmı?

Danışmaq olarmı, dil gərilməsə?

Bağlanarmı dəstə, gül dərilməsə?

İnək sağılmasa, süd sərilməsə,

Süd üz bağlamasa qaymaq olarmı?

İdrakın olmasa, duymaq olarmı?

Yer uddu dövlətin, batdı varın da,

Haramxor da, qudurğan da, harın da,

Vücudda, cəsəddə, gözdə, qarında,

Bərəkət olmasa doymaq olarmı?

İdrakın olmasa, duymaq olarmı?

İnsanlar insana saleh düşələr,

Sınanda sağala qəlbi şüşələr,

Geniş yerlər, dağlar, düzlər, meşələr,

Ormanlar olmasa oymaq olarmı?

İdrakın olmasa, duymaq olarmı?

Ay Allah, ocaqlar mərdə qalana,

Yardım edənlərə darda qalana,

Halları duyana dərdə qalana,

Ürəkdən qan verib, qıymaq olarmı?

İdrakın olmasa, duymaq olarmı?

Nəfis qatlayanda, bükəndə səni,

Əyri yollarına çəkəndə səni,

Şeytan torpağına əkəndə səni,

Tamahı hər yana qoymaq olarmı?

İdrakın olmasa, duymaq olarmı?

Yağı əriməsə, olmasa dağsız,

Halva çalınarmı şərəsiz, axsız,

Unu tök qazana, qarışdı yağsız,

Ondan heç tərtərli, quymaq olarmı?

İdrakın olmasa, duymaq olarmı?

Dəfın dönər, dərk et ay dəfsiz insan,

Hərisə qul olan, ay nəfsiz insan,

Sən insan soyursan, insafsız insan

Soyma, insanı da soymaq olarmı?

İdrakın olmasa, duymaq olarmı?

İnsan özün torpağına uydursun,

Sərraf Qasım, gözlərini doydursun,

Sən də, mən də, saydığımız qoy dursun,

Fələk saydığını saymaq olarmı?

İdrakın olmasa, duymaq olarmı?