1030: YƏMƏNDƏN

YƏMƏNDƏN

Cığalı təcnis

Mənə al[1] gətirdi bazirgan[2] Əli,

Deyirlər o, Yəməndəndir - Yəməndən.

Aşiq deyər Yəməndən,

Alım gəldi Yəməndən,

Vəzni az, dəyəri çox,

Matah[3] aldım Yəməndən.

Bağışladı mənə bazirgan Əli,

Bu gözəl al, Yəməndəndir - Yəməndən.

Oxunursa mərd üzündən bu sual,

Axtar, tap dünyada mərd kabusu al.

Aşiq mərd kabusu al,

Şəfalıdır bu su, al,

Mərd doldurmuş camı iç,

Verilirsə bu su, al.

Sualına cavab olan bu sual,

Yaxşı sənə, yamandandır - yamandan.

Sərraf Qasım deyər: qəlbin odu nə?

Dostlar qızınardı qəlbin oduna,

Aşiq qəlbin oduna,

Qızınardı oduna,

Yanmır daha qəlblərdə,

Söndürübdür odu nə?

De kim su caladı qəlbin oduna?

Bu namərdlik, ya səndəndir - ya məndən.

[1] Al – qırmızı (qırmızı parça)

[2] Bazirgan - tacir

[3] Matah – Dəyərli əşya