1027: ODUR

ODUR

Naxçıvanlı ustad aşıq, Ələsgər şagirdi Aşıq Cəfərə ithaf edirəm. (Bu şeir, Sərraf Qasımın “CƏFƏR və FƏTULLAH” adlı dastanının tərkib hissəsidir).

Ustadlar ustadı Cəfəri tanı,

Ələsgər şagirdi yadigar odur.

Fətullah, Abdulla onun barıdır,

Könüllərdə yaşar, mehriyar odur.

Ələsgər şagirdi yadigar odur.

Ələkbərlə Əzim, sırada Qulu,

İşıqlıdır bunun gələcək yolu,

Sənətkarla dolub sağı, həm solu,

Heç görünməz gözə sehriyar odur.

Ələsgər şagirdi yadigar odur.

Böyük sənətkarlar eldə dolanır,

Əbədi yaşayır, dildə dolanır,

Səsləri gurlayıb zildə dolanır,

Tacir kimi gəzən sövdəgar odur.

Ələsgər şagirdi yadigar odur.

Onlar bilirlər ki, sənətkar yaşar,

Həmişə solmazdır, bil əfkar yaşar,

Meyvəsi bol olar, qaynayıb daşar

Çiçəyi çox olan bağda bar odur.

Ələsgər şagirdi yadigar odur.

Ulular ulusu, əziz sənətkar,

Sizinlə görüşüm qalsın yadigar,

Qışlaqlı Qasımam, mənim də çox var,

Əriməz heç vaxtı, dağda qar odur.

Ələsgər şagirdi yadigar odur.