1024: SƏN ALLAH-ALLAH

SƏN ALLAH-ALLAH

Doğulandan ölənədək qəlbimdə,

Bir zikirə vardım, sən Allah-Allah.

Sənə qaytardım ruhumu al eylə

Təslimimə yardım, sən Allah-Allah.

Doğulandan ölənədək qəlbimdə,

Bir zikirə vardım, sən Allah-Allah.

Qarşında mən səcdə hallı dayandım,

İxlas, İman, İslam rəngli boyandım,

Pak ruh verdin, anamda mən oyandım,

Bətnində mən durdum, sən Allah-Allah.

Doğulandan ölənədək qəlbimdə,

Bir zikirə vardım, sən Allah-Allah.

Hər gecədən sonra gün parladıqca,

İlahi, gərdişi sən fırladıqca,

Nemətlərdə səni xatırladıqca,

Səni-səndən sordum, sən Allah-Allah.

Doğulandan ölənədək qəlbimdə,

Bir zikirə vardım, sən Allah-Allah.

Allah zikri ilə keçdi hər vaxtım,

Allah-Allah deyən qanımla axdım,

Şükür, tapıb səni, nəbzimə baxdım,

Qəlbimi mən yardım, sən Allah-Allah.

Doğulandan ölənədək qəlbimdə,

Bir zikirə vardım, sən Allah-Allah.

Təslim oldum sənə büsatlarında,

Səni duydum qəlbin nur qatlarında,

İki dəfə vuran, bir adlarında,

Səni aşkar gördüm, sən Allah-Allah.

Doğulandan ölənədək qəlbimdə,

Bir zikirə vardım, sən Allah-Allah.

Titirətdin sən qəlbimdəki simi pak,

Təslim oldum sənə, ərən kimi pak,

Şeytansız eylədin, sən nəfsimi pak,

Səndə cəlal qurdum, sən Allah-Allah.

Doğulandan ölənədək qəlbimdə,

Bir zikirə vardım, sən Allah-Allah.

Sərraf Qasım, himin nurlu him olsun,

Mürşidin “Əhlibeyt” və o “mim” olsun,

Səndən qeyri təslimimə kim olsun,

Ol dərmanım, dərdim, sən Allah-Allah.

Doğulandan ölənədək qəlbimdə,

Bir zikirə vardım, sən Allah-Allah.

16.11.2012-ci il, Aşağı Qışlaq kəndi.