1022: ŞƏFA DİLƏYİ

ŞƏFA DİLƏYİ

Ellərin Aşıq oğlu Ədalət Dəlidağlıya xitabən (xəstə olarkən) ona itfaf olunmuş şeir.

Sən xəstəsən sanki xalqın xəstədi,

Sağal-sağal Dəlidağlı Ədalət.

Hanı İstisuyun, hanı silsilə?

Dağların dağlara tağlı Ədalət.

Sən xəstəsən sanki xalqın xəstədi,

Sağal-sağal Dəlidağlı Ədalət.

Aşıq oxu, qoy cahillər ayılsın,

Aşıq oxu, qoy yaxşılar sayılsın,

Aşıq oxu, şirin səsin yayılsın,

Sazın ötsün yağlı-yağlı Ədalət.

Sən xəstəsən sanki xalqın xəstədi,

Sağal-sağal Dəlidağlı Ədalət.

Qoşqar yurdlarına düşmənlər köçür,

Ceyranlar bulağından düşmənlər içir,

Didərginsən, yurdsuz-yuvasız keçir,

Günlərin qaralı, ağlı Ədalət.

Sən xəstəsən sanki xalqın xəstədi,

Sağal-sağal Dəlidağlı Ədalət.

Təbi ildırımlı, təbi tufanlı,

Saza nəfəs verib edirsən canlı,

Dədə ələsgərli, dədə Qurbanlı,

Şəmşir barlı, Alı bağlı Ədalət.

Sən xəstəsən sanki xalqın xəstədi,

Sağal-sağal Dəlidağlı Ədalət.

Sərraf Qasım deyər, oylağın xaçın,

Qarqarın köksündə güllər duaçın,

İnşa-allah, aşıq, ellər duaçın,

Olacaqsan nicat çağlı Ədalət.

Sən xəstəsən sanki xalqın xəstədi,

Sağal-sağal Dəlidağlı Ədalət.

01.05.2004-cü il, Bakı şəhəri.