1019: YAN AŞIQ

YAN AŞIQ

Aşıq Ədalət Nəsibova ithaf edirəm.

Al köksünə, alış sazın eşqindən,

“Kərəmi”ni çala-çala yan aşıq.

Yaxalanıb Kərəm kimi sehirlən,

Sən də düş o hala, hala yan aşıq

“Kərəmi”ni çala-çala yan aşıq.

Vur “Misri”də “Cəngi” eylə, qatlanma,

“Hicran Kərəmi”də yanıq adlanma,

“Dübeti”də başdan-başa odlanma,

“Dilqəmi”də tala-tala yan aşıq,

“Kərəmi”ni çala-çala yan aşıq.

“Hüseyni”, “ Divani” dağı dağlasın,

Yağdır sazı gədikləri bağlasın,

Qoy ayaq-baş pərdə-pərdə ağlasın,

Xalları qat xala, xala yan aşıq,

“Kərəmi”ni çala-çala yan aşıq.

Kökdə “Ruhani”ni, “Cəlili”ni seç,

Ordan “İncəgülü”, “Müxəmməs”ə keç,

“Təcnis”dən “Təcnis”ə “Yurd yeri”nə köç,

Yolu ora sala-sala yan aşıq,

“Kərəmi”ni çala-çala yan aşıq.

Sərraf Qasım deyər, çəkib nazın da,

Məclis qur əyləşsin Pəri qızında,

Bütün havaları yandır sazında,

El ocağın qala-qala yan aşıq,

“Kərəmi”ni çala-çala yan aşıq.