1013: DƏRD ÇƏKƏ

DƏRD ÇƏKƏ

İnsan gərək qəlbdə görə Allahı,

İnsan odur dərdi duya, dərd çəkə.

Baxa günəş gərdişində necədi,

Baxa doğan-batan aya, dərd çəkə.

İnsan odur dərdi duya, dərd çəkə.

İnsan o deyil ki, könüllər yıxa,

İnsan odur, könülləri xoş yaxa,

Dərd çəkənə baxa, özünə baxa,

Çalınıb uyuya-uya, dərd çəkə.

İnsan odur dərdi duya, dərd çəkə.

İnsan ola, haqqa xatir biləyən,

Bir gün olar, gəlməz olar gələyən,

Yazda daşan, yayda susuz mələyən,

Baxa o quruyan çaya, dərd çəkə.

İnsan odur dərdi duya, dərd çəkə.

İmkanlılar pozmasın heç yazını,

Səxavətlə çəksin yoxsul nazını,

İnsan odur yana, közü buzunu,

Əridib döndərə suya, dərd çəkə.

İnsan odur dərdi duya, dərd çəkə.

İnsan şərik ola, insan dərdinə,

Çarə məndə, deyə pünhan dərdinə,

Sərraf Qasım, edə imkan dərdinə,

Dərd çəkənlə girə taya, dərd çəkə.

İnsan odur dərdi duya, dərd çəkə.