1012: TÜRKÜM OY

TÜRKÜM OY

Kimsəsizik yoxsa, bizi qırırlar

Gəl birləşək, arxadaşım, türküm oy!

Təkləməklə, boynumuzu vururlar

Qurumur gözlərdə yaşım, türküm oy!

Gəl birləşək, arxadaşım, türküm oy!

Ay mənim ulusum, ay mənim yarım,

Hardasan axtarım, mən sənə varım,

Birləşmək eşqiylə sədləri yarım.

Düzlər keçim, dağlar aşım, türküm oy!

Gəl birləşək, arxadaşım, türküm oy!

Gəlsə ziyan gələr, türfədən mənə,

Xəyanət olmasa süfrədən mənə,

Mərdəm, güllə dəyməz arxadan mənə ,

Satılmasa başçım, başım, türküm oy!

Gəl birləşək, arxadaşım, türküm oy!

Haramdısa sahibinə öz dəni,

Bəs necə yaşadır, onda özgəni?

Nəyə görə tanıyırlar qul məni,

Pür kamalım, ağlım, huşum, türküm oy!

Gəl birləşək, arxadaşım, türküm oy!

Sarvanam, gəzirəm itən karvanı,

Görüm o qırılan qatarım hanı?

Ləpəm döysün, dalğam vursun dünyanı,

Təlatüm eyləyim, coşum, türküm oy!

Gəl birləşək, arxadaşım, türküm oy!

Dünyada ikilik gəlib meydana,

Bölünüb, islama, xiristiana,

Yumruq olub, zərbə vuraq bir ona,

İslamı islama qoşum, türküm oy!

Gəl birləşək, arxadaşım, türküm oy!

Qədim bünövrəmə təzə qoy daşım,

Ucalsın dünyada yenə boy daşım,

Başa düşüb, ayrılmayaq soydaşım,

Düz yolumu niyə çaşım, türküm oy!

Gəl birləşək, arxadaşım, türküm oy!

Çaylar kimi axıram, hey axdıqca,

Şimşək kimi çaxıram, hey çaxdıqca,

Qeyrətinə, qüdrətinə baxdıqca,

Türkəm, gəlir türkdən xoşum, türküm oy!

Gəl birləşək, arxadaşım, türküm oy!

Arzumuzdur, neçə vaxtdır, birləşək,

Bizə dəyən xəncər, oxdur birləşək,

Sənə “hə”dir, mənə “yox”dur birləşək,

Gərəkdir ki, mərd savaşım, türküm oy!

Gəl birləşək, arxadaşım, türküm oy!

Halıyam bir neçə əsrin ilindən,

Türkü ayırıblar, türkün elindən,

İnşaallah gərdiş tənəzzülündən,

Tərəqqisin tapar işim, türküm oy!

Gəl birləşək, arxadaşım, türküm oy!

Tarixləri gətirdikcə eynimə,

Sərraf Qasım deyər; dolur beynimə,

Xain düşmən qoymur, qonsun çiynimə,

Həsrət qalıb, iqbal quşum, türküm oy!

Gəl birləşək, arxadaşım, türküm oy!