1007: ÖLÜRƏM

ÖLÜRƏM (Şəhidlərin dilindən)

Qanlı 20 yanvar faciəsi baş verən zaman Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin dilindən:

Vuruşuram əldə edim istiqlal,

Dinim üçün, dilim üçün ölürəm.

Hara gedirəmsə, doğru gedirəm,

Bir haqq adlı yolum üçün ölürəm.

Mərd Babəkin izi üstə durmuşam,

Xətainin sözü üstə durmuşam,

Bakı, Şərqin gözü üstə durmuşam,

Gələcək iqbalım üçün ölürəm.

Sevirəm yurdumu əziz can kimi,

Anam var; Qarabağ, Naxçıvan kimi,

Vuruşub uğrunda qəhrəman kimi,

Olum ya da ölüm üçün ölürəm.

Bu vətən çalıbdır laylamı məncə,

Unutmaram səni vəfalı Gəncə,

Məni düşmən vurub çəməndə incə

Bülbüləm mən, gülüm üçün ölürəm.

Tez yorular təkcə vələ qoşulan.

Arxasız olarmı elə qoşulan?

Şimşəkdən doğulub, selə qoşulan,

Gur yağışam, selim üçün ölürəm.

Baxılmır xalqımın aman, ahına,

Nifrət dövrümüzün, padişahına.

Haqqını diləyib, haq dərgahına,

Ucalan sağ əlim üçün ölürəm.

Gedirəm vuruşa kamanlı, yaylı,

Sərraf Qasım deyər, haraylı, yaylı,

Azəri türküyəm o tay, bu taylı,

Vətən üçün, elim üçün ölürəm.

20 yanvar 1990-cı il, Aşağı Qışlaq kəndi.