1004: AZƏRBAYCAN (Olum şəhidin)

AZƏRBAYCAN (Olum şəhidin)

Bakıda qanlı 20 yanvar hadisəsi baş verdikdən sonra şəhidlərin yas mərasimi zamanı yazdığım şeir.

Hazıram olum şəhidin,

Mənə inan, Azərbaycan!

Canım olsun sənə fəda,

Sənə qurban, Azərbaycan!

Artıq nə var, inamnan da,

Sevgilimsən sonamnan da,

Müqəddəssən anamdan da,

Ay mehriban, Azərbaycan!

Niyə mənim bəxtim qara,

Qanlar axır, baxtım hara,

Adın qaldı köksü yara,

Mərmi, nişan, Azərbaycan!

Sinəmizə çəkdi yağı,

Həm dost yağı, düşmən yağı,

Qanımızla bu torpağı,

Etdi qəltan, Azərbaycan!

Acında mən, ağrında mən,

Köksündə mən, bağrında mən,

Torpağının uğrunda mən,

Verərəm can, Azərbaycan!

Yer məhvərindən laxlayar,

Yazılı əsas saxlayır,

Bu gün sənə yas saxlayır,

Ulu cahan, Azərbaycan!

Qəm biçəsən, ay qəm əkən,

Gözlərindən qan yaş tökən,

Ola dərdlərini çəkən,

Bir haqq divan, Azərbaycan!

Düşünmə ki, türkün azdır,

Demə ortalıq Arazdır.

Azərilər ayrılmazdır,

Həm Naxçıvan, Azərbaycan.

Ana, qurban olum sənə,

Ümidgahım sənsən yenə,

Yoxdur səndən qeyri mənə,

Doğma ünvan, Azərbaycan!

Türk dünyasınındı bu yas,

Allah, yerdə qoyma qisas!

Güc artırar, əldə əsas,

Olsa quran, Azərbaycan!

Sərraf Qasım bu zəmində,

Ziyadədir, dərd, qəmin də,

Faciən də , matəmin də,

Ağlar duyan, Azərbaycan!

22 yanvar 1990-cı il, Aşağı Qışlaq kəndi.