1001: NOVRUZ

NOVRUZ

Neçə qədim ənənəmiz,

Səndən qalıb iz, ay novruz.

Gəlib çatınca bu günə,

Dərdin olub yüz ay novruz!

Təbəssümlü gülüşünü,

Bu təzə tər gül işini,

Sənin azad gəlişini,

Gözləyirdik biz ay novruz!

Ellər olub ünə həsrət,

Yaşadıq bu günə həsrət,

Eşqin ilə sənə həsrət,

Qalmamışıq az ay novruz.

Yaranmısan əziz, məsum,

Bayramımsan niyə susum?!

Ad verib sənə ulusum,

Babam deyib “yaz” ay novruz.

Səadətdə, səxavətdə,

Fəsil yoxdur sən qeyrətdə,

Gəlməyincə təbiətdə,

Oyanış olmaz ay novruz.

Sən yeni təqvim, yeni il,

Arzusudur xalqımın bil,

İnnən belə nəsil-nəsil,

Səninkidir söz ay novruz.

Bayram payın dolu kasa,

Şərbət payla bu əsasa,

Zurna çaldır, həm kos-kosa,

Oynat kəndirbaz ay novruz.

Cəng olar meydan sulanar,

İgidlər atlı dolanar,

Hər damda tonqal qalanar,

Sübhə sönməz köz ay novruz.

Sınayıb öz bəxtlərini,

Atıb qoşa, bəxt zərini,

Gəlişinlə bir-birini

Sevər oğlan, qız ay novruz.

Niyyətlilər niyyət edər,

Qapı, baca pusub gedər,

Üzük salmaq deyil hədər,

Vüsaldır, gəl tez ay novruz.

Olur cansız, can həyatlı,

Min cəlallı, min büsatlı,

Axar sular salavatlı,

Sınır səndə buz ay novruz.

Gərəyisən dostun, yadın,

Müqəddəsdir sənin adın,

Abı, atəş, xaki, badın,

Olur növraq, naz ay novruz.

Gəlişindən qəlbim coşub,

Köksüm tamam baharlaşıb,

Sərraf Qasımam, söz qoşub,

Oxub-çallam saz, ay novruz.