17.07.2008; №11 - 12 (423 -424)


Heydər Əliyevin “İpəkçi”nin baş redaktoruna müraciəti: “...Taleyi sınan xalqımızın bu ağır çağlarında M. Salisin baş redaktor olduğu “İpəkçi”nin yaradıcı kollektivinə haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm.”Heydər Əliyev; 14 dekabr 1993-cü il. RAMİZ MEHDİYEV VƏ HİDAYƏT ORUCOVUN “QƏSD” KİTABINDAN:“1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında ölkədə baş vermiş xoşagəlməz hadisələr zamanı “Şəkinin səsi” sağlam mövqe tutmuş, qanunu yolla seçilmiş Prezidentimizin və Konstitusiyamızın müdafiəsinə yönəldilən yazılarla çıxış etmiş, silahlı müxalifətin ifşa olunmasında böyük rol oynamışdır”. HADİ RƏCƏBLİ: “Ölkədə “Heydər Əliyev ordeninin yaradılması təşəbbüsünü ilk dəfə Salis Məmmədov irəli sürmüşdür. Kim deyirsə ki, bunu o edib, boş şeydir. Bəlkə də kimsə ürəyindən keçirmişdir, amma, Salis qədər kimsə dilinə gətirməyə cəsarət etməmişdir. Salis isə bunu etdi – “Şəkinin səsi” qəzetində təşəbbüs irəli sürdü. Mən də Milli Məclisin iclasında bu təşəbbüs barədə məlumat verdim. Kim istəsə gedib baxa bilər. Milli Məclisin arxivində, stenoqramı durur...”




HEYDƏR ƏLİYEVİN ADINI DAŞIYAN PARKDA "ŞƏKİ-QƏDİM SİVİLİZASİYALAR DİYARI" MÖVZUSUNDA YÜKSƏK SƏVİYYƏLİ BEYNƏLXALQ TƏDBİR KEÇİRİLMİŞDİR


 

Azərbaycanda fəaliyyət göstərən 29 xarici ölkə səfirliyi nümayəndələrinin və xarici ölkələrdən gəlmiş digər qonaqların qatıldığı bu beynəlxalq tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov açmışdır. O, bayram iştirakçılarını salamlamış və demişdir:

–Hörmətli qonaqlar, əziz bayram iştirakçıları!

Sizin hər birinizi qədim dövlətçilik ənənələrinə, zəngin tarixə, yüksək mədəniyyətə malik olan Şəki şəhərində salamlayır və bu bayrama "xoş gəlmişsiniz" deyirəm.

Sivilizasiyaların qovuşduğu, qarşılıqlı anlaşmanın hökm sürdüyü müasir mərhələdə milli mədəniyyətlərin qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınmadan xalqlar arasında əməkdaşlığın, mədəni-mənəvi inteqrasiyanın səmərəli rolunu təsəvvür etmək çətindir. İnsanlığın tarix boyu yaratdığı ən böyük sərvət, nemət sivilizasiyadır. Bu gün Şəkidə bəşər sivilizasiyasının möhkəm təməl sütunları, zəngin tarixi-mədəni kökləri vardır. Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən qədim alban abidələri, islam-türk mədəniyyətinin zəngin tarixini özündə əks etdirən tarixi-memarlıq abidələri göstərir ki, Şəki xalqımızın min illərlə yaşatdığı tarixi özündə qoruyub saxlamaqla yanaşı, həm də müasirliyin, mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində mühüm rol oynayır. 

Əziz bayram iştirakçıları!

Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına böyük diqqət göstərilir. Məhz cənab Prezidentimiz İlham Əliyevin mədəni irsimizin qorunub saxlanmasına xidmət edən fərman və sərəncamları buna bariz nümunədir. Hesab edirəm ki, xalqımıza xas olan zəngin mənəvi irsin təbliğ olunması və gələcək nəsillərə çatdırılması, o cümlədən ərazinin turizm potensialının genişləndirilməsi məqsədi ilə Şəki Şəhər İcra Hakimiyyətinin Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə keçirdiyi "Şəki qədim sivilizasiyalar diyarı" adlı Beynəlxalq tədbirin böyük əhəmiyyəti var.

Hörmətli bayram iştirakçıları, əziz qonaqlar!

Yaşadığımız dünya çox gözəldir. Bu gözəlliyi yaradan isə onun rəngləri və harmoniyasıdır. Bu gün ölkəmizdə fəaliyyət göstərən 29 xarici ölkə səfirliklərinin Azərbaycanın qədim tarixini özündə əks etdirən Şəkidə bir araya gəlməsi yüksək qiymətləndirilə bilər. Ona görə ki, sürətlə inkişaf edən, qloballaşan dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir. Əminəm ki, bu bayram xalqlarımızı daha da yaxınlaşdıracaq, ölkələrimiz arasında mövcud olan sülh, dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək.

Fürsətdən istifadə edərək dəvətimizi qəbul edib bayrama qatılan bütün qonaqlarımıza, xarici ölkə səfirliklərinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Sözümün sonunda Təpəbaşı nekropolunda–Tarix-etnoqrafiya muzeyinin yaradılmasında etdiyi köməyə görə Azərbaycan Respublikasının birinci xanımı Mehribana, bu işin təminatı sektorunun müdiri Altay Həsənova və Azərbaycan Banklar Assosiasiyasının sədri Eldar İsmayılova dərin minnətdarlığımı bildirirəm.

Əziz qonaqlar, hörmətli bayram iştirakçıları!

Sizin hər birinizi bu gözəl gün münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı bildirir, bayramın başlandığını elan edirəm.

Bayramınız mübarək olsun!


 

"ŞƏKİ - QƏDİM SİVİLİZASİYALAR DİYARI" MÖVZUSUNDA KEÇİRİLƏN BEYNƏLXALQ TƏDBİR DOSTLUĞUN, QARDAŞLIĞIN TƏRƏNNÜMÜNƏ ÇEVRİLDİ 

İyunun 28-də Şəki şəhərində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu, Mədəniyyət və Turizm Nazirliyi və şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "Şəki-qədim sivilizasiyalar diyarı" bayramının təntənəli açılış mərasimi olmuşdur. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 29 xarici ölkə səfirliyinin nümayəndə heyəti, Milli Məclisin deputatları, görkəmli elm xadimləri, tarixçi alimlər, incəsənət ustaları və digər qonaqlar iştirak etmişlər.

Şəhər rəhbərliyi, xarici ölkələrin səfirləri və qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin xatirəsini ehtiramla yad etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.

Sonra tədbir iştirakçıları Şəkidə yenidən qurulmuş parkı gəzmiş, burada şəhər sakinlərinin istirahəti üçün yaradılan şəraitlə yaxından tanış olmuşlar.

Bayram iştirakçılarını salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov müasir mərhələdə milli mədəniyyətlərin qarşılıqlı münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, bu amil nəzərə alınmadan xalqlar arasında əməkdaşlığı, mədəni-mənəvi inteqrasiyanın səmərəli rolunu təsəvvür etməyin çətin olduğunu qeyd etmişdir. İnsanlığın tarix boyu yaratdığı ən böyük sərvətin, nemətin sivilizasiya olduğunu bildirən Nazim müəllim Şəkidə bəşər sivilizasiyasının möhkəm təməl sütunları və zəngin tarixi-mədəni kökləri olduğunu xüsusi vurğulamışdır. İcra başçısı qeyd etmişdir ki, Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən, qədim türk tayfaları, alban abidələri, islam-türk mədəniyyətinin zəngin tarixini özündə əks etdirən qədim memarlıq abidələri göstərir ki, Şəki xalqımızın min illərlə yaşatdığı tarixi özündə qoruyub saxlamaqla yanaşı, həm də müasirliyin, mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində də mühüm rol oynayır.

Mərasimdə çıxış edən Rumıniyanın ölkəmizdəki səfiri Nikolaye Ureke səmimi qonaqpərvərliyə görə şəhər rəhbərliyinə dünyanın 3 qitəsini təmsil edən səfirliklərin nümayəndələri adından təşəkkür etmiş, gözəl və qədim Şəki ilə tanışlıqlarından, insanların isti münasibətlərindən razı qaldıqlarını bildirmişdir.  

Tədbirdə iştirak edən ərəb dövlətlərinin səfirləri adından bayram iştirakçılarına xoş arzularını çatdıran Misir səfiri Yusif Əhməd İbrahim əl-Sarkavi son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox böyük iqtisadi irəliləyişlərin baş verdiyini bildirmiş, Şəkinin hazırda çox mühüm və strateji cəhətdən xüsusi əhəmiyyət daşıyan bir regiona çevrildiyini vurğulamışdır. Misir səfiri milli-mədəni irsin qorunması sahəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini çox yüksək qiymətləndirmiş, böyük əhəmiyyət daşıyan, xalqları bir-birinə daha da yaxınlaşdıran belə bir bayramın keçirilməsini təmin etdiklərinə görə AMEA Tarix İnstitutuna, Mədəniyyət və Turizm Nazirliyinə və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

İncəsənət ustalarının maraqlı konsert proqramına tamaşa etdikdən sonra bayram iştirakçıları Fazıl kəndində yerləşən və eramızdan əvvəlki minilliyin 2-ci yarısına aid olan qədim yaşayış məskəni – Təpəbaşı nekropolu ilə, "Əbədi sükut dünyası" labirinti ilə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, bəşər sivilizasiyasının inkişaf tarixini özündə əks etdirən bu abidə insanlığın tapındığı müqəddəs yerdir. 1984-cü ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən tədqiqata cəlb olunan bu ərazi antik və orta əsrlərdə beynəlxalq ticarət yollarının üzərində yerləşirdi.

 Buranın əhalisi uzaq və yaxın ellərlə sıx ticarət və mədəni əlaqələr qurmuşdu. Burada yaradılan muzeyin ekspozisiyası Qafqaz Albaniyası dövrünü əhatə etsə də, daha qədim dövrlərə aid olan maddi və mənəvi mədəniyyətimizi özündə əks etdirir. Dəfn yerinə düzülən əşyalar yerli xalqın mifoloji, fəlsəfi, dini dünyagörüşünü geniş şəkildə izah edir, əcdadlarımızın keçdiyi tarixə işıq salır. Labirint Azərbaycanın qədim dövrlərdən, hətta daş dövründən qaynaqlanan folklorunu, mifologiyasını, həqiqi tarixini özündə əks etdirir.

Labirintlə tanışlıqdan sonra qonaqlar Kiş kəndindəki qədim alban məbədinə ekskursiya etmişlər. Məbədlə tanışlıqdan əvvəl qonaqlar abidənin yaxınlığında görkəmli Norveç alimi, etnoqraf, arxeoloq və səyyahı Tur Heyerdalın büstünün açılışında iştirak etmişlər. Mərasimdə çıxış edən Norveç səfiri Yon Ramberq abidənin açılışının onlar üçün xoş bir sürpriz olduğunu qeyd etmiş, bu diqqətə görə şəhər rəhbərliyinə öz xalqı adından minnətdarlığını bildirmişdir.



HEYDƏR ƏLİYEVİN ADINI DAŞIYAN PARKDA BAYRAM ŞƏNLİKLƏRİ

Sonra qonaqlar məbədlə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasında xristianlığın mərkəzlərindən olan Kişdə yerləşən bu məbəd bir neçə il öncə Norveçdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə bərpa edilmişdir. Sonra bayram iştirakçıları məbədin həyətində çay süfrəsi ətrafında kamera musiqisini dinləmiş, rəqs kollektivlərinin ifasında müxtəlif xalqların rəqslərinə tamaşa etmişlər.

Bayram tədbirinin sonu Şəki şəhərindəki "Yuxarıbaş" Dövlət Tarix Memarlıq Qoruğuna daxil olan Qala divarlarının ərazisində davam etdirilmişdir. Qonaqlar Şəki sənətkarlarının əl işləri, xalq tətbiqi sənət nümunələri, satış-yarmarka ilə tanış olmuşlar. Şəki xanlarının sarayında bayramın təntənəli bağlantısı olmuşdur.

 Bayram tədbiri maraqlı konsert proqramı və atəşfəşanlıqla başa çatmışdır.

 Mustafa DADAŞOV 


 

ardı (bax digər məqalələrə):>>>

<<< Ana səhifə