Layihələrim‎ > ‎İnformatika‎ > ‎

proqramlaşdırma dillərinin təsnifatı

18. Proqramlaşdırma dillərinin təsnifatı

18
PROQRAMLAŞDIRMA DİLLƏRİNİN TƏSNİFATI
Hansı proqramlaşdırma dili hansı cəhətinə görə daha çox xoşunuza gəldi:
ALPLogo, yoxsa Python?
Özünüzdən bir neçə yaş kiçik kimsəyə proqramlaşdırmanı öyrənməyi bu
dillərdən hansından başlamağı məsləhət görərdiniz?

Fәaliyyәt
1

BASIC və Pascal proqramlaşdırma dillərində proqram fraqmentləri verilib. Fraqmentləri gözdən keçirin və onların nə etdiyini aydınlaşdırmağa çalışın. 

BASIC

S = 0
FOR I = 1 TO 100
    S = S + I
NEXT I
                

Pascal

a := 5;
b := 10;
if a > b then write(a)
         else write(b);
                

Nәticәni müzakirә edәk:
- Hansı operatorlar sizə tanışdır?
- Bu fraqmentləri Python dilində necə yazardınız?

Proqramlaşdırmanı yeni öyrənən hər kəs tez-gec belə bir sualın cavabını bilmək istəyir: ən yaxşı proqramlaşdırma dili hansıdır? Minlərlə proqramlaşdırma dilinin mövcud olmasına baxmayaraq bütün proqramçıların xoşuna gələn vahid dil yoxdur. Başqa sözlə, hər bir proqramlaşdırma dilinin öz tərəfdarları və əleyhdarları var.

Mühəndislərin, bankirlərin, hərbçilərin qarşısında müxtəlif məsələlər durur. Bu məsələlərin həlli üçün müxtəlif proqramlaşdırma dillərinə üstünlük verilir. FORTRAN dili riyazi məsələlərin həllində, COBOL (“kobol”) dili bank işlərində, PROLOG, yaxud LISP dili süni intellekt sahəsində daha geniş tətbiq olunub. İnternet üçün proqram yazan proqramçılar, adətən, JAVA dilinə üstünlük verirlər.

Bu sadaladığımız proqramlaşdırma dillərinin hamısı xüsusi dillәrdir. Bu dillərin hər birində elə deyimlər (operatorlar) var ki, onlar vasitəsilə xüsusi məsələləri daha asanlıqla həll etmək olur. Adətən, həmin dilləri iş yerində öyrənirlər, belə ki, onları “qabaqcadan” öyrənməyin mənası yoxdur.

Sözlük

 Xüsusi dillər
 Ümumi təyinatlı dillər

Xüsusi proqramlaşdırma dillərindən savayı ümumi tәyinatlı dillәr də mövcuddur. Onların köməyilə, demək olar ki, istənilən məsələni həll etmək mümkündür

Belə dilləri “qabaqcadan” öyrənmək olar – onlar hər zaman gərək olacaq. Bunların içərisində Basic, Pascal, C++, Python kimi dillər daha çox populyardır.

Hazırda dünyada 4000-dən artıq müxtəlif proqramlaşdırma dili mövcuddur ki, onların da böyük əksəriyyətindən, demək olar ki, istifadə olunmur. Bundan başqa, hazırda proqramların çox əhəmiyyətli hissəsi ümumi təyinatlı proqramlaşdırma dillərində deyil, xüsusi proqramlaşdırma alətlərində (məsələn, Visual Basic), yaxud proqram təminatının xüsusi növündə (məsələn, Maple) yerinə yetirilir.


Populyar proqramlaşdırma dillәrinin xronoqrafı

AdıİliMüәllifiYarandığı mәkan
FORTRAN1954Con BekusABŞ
LISP1958Con MakkartiABŞ
Algol 601960Piter Naur və b.Müxtəlif ölkələr
COBOL1960Müəlliflər qrupuMüxtəlif ölkələr
Simula1962Kristen Nüqaard və b.Avropa
BASIC1963Con Kemeni və b.ABŞ
PL/I1964Corc RadinMüxtəlif ölkələr
Algol 681968Aad van Veynqaarden və b.Müxtəlif ölkələr
Pascal1970Niklaus VirtAvropa
FORTH1970Çarlz MurABŞ
С1972Dennis RitçiABŞ
Smalltalk1972Alan KeyABŞ
Рrolog1973Alan Kolmero və b.Avropa
Ada1980Cin İşbia və b.ABŞ
C++1984Börn StraustrupABŞ
Python1991Qvido van RossumABŞ
Java1995Ceyms HoslinqABŞ

Təyinatına görə proqramlaşdırma dillərini təxmini belə qruplaşdırmaq olar:

  1. Böyük, mürəkkəb proqramlar üçün ümumi təyinatlı dillər: PL/I, C, C++, Pascal, Python, Modula-2, Ada, Java, C#.
  2. Kiçik proqramlar üçün ümumi təyinatlı dillər: BASIC, Visual Basic, Pascal, Python.
  3. Riyazi hesablamalar, elm və mühəndislik: FORTRAN, APL, Maple və yuxarıda adları sadalanmış ümumi təyinatlı dillər.
Comments